FOTO
Zəfər günündə “Xarı bülbül”dən özəl təqdimat

Mədəniyyət paytaxtı Şuşanı təmsil edən “Xarı bülbül” voleybol klubu yeni mövsüm üçün Zəfər günündə idman geyimlərini təqdim edib. Allsport.az saytı xəbər verir ki, ölkəmizin ilk idman geyimi brendi “IL’AZERO” tərəfindən hazırlanan formalar müxtəlif rənglərdədir. Klubun ağ rəngli dəstində 2-ci Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adları, həmçinin Azərbaycanın məşhur xalçaçısı, xalq rəssamı Lətif Kərimovun əsərlərindən naxışlar əks olunub. Köynəyin üzərində klubun və istehsalçı şirkətin loqosu yer alıb. Milli ornamentlərlə bəzədilən formanda “Xarı bülbül” Şuşa sözünün yazılması, klubun tarixi torpağımızı təmsil etdiyinin göstəricisidir.

Kişi voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir. Bu il ölkə çempionatında debüt edəcək komandanın hədəfi 2-ci Qarabağ savaşının rəmzinə çevrilmiş xarı bülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb.

Klubun prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva, baş məşqçisi Ziya Rəcəbov, təsisçisi isə beynəlxalq idman agenti, “IL’AZERO”nun sahibi və eyni zamanda komandanın oyunçusu İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan