Zəfər kubokunda rəqiblər müəyənləşib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə zəfər kubokunun püşkatma mərasimi keçirilib.

Gerçəkləşəcək turnirin püşkü voleybol mərkəzinin akt zalında atılıb.

Tədbirə AVF-nin vitse-prezidenti Faiq Qarayev, qurumun baş katibi Faiq Orucov, MOK-un ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, “Avrora qrup”un nümayəndəsi Elvin Babayev, Qusar olimpiya idman kompleksinin direktoru və İAM-ın sədri Elşən Məmmədov, həmçinin, iştirakçı komandaların nümayəndələri qatılıblar.

Mərasimi giriş sözü ilə açan Məmmədov ardıcıl üçüncü dəfə təşkil olunan turnir barədə məlumat verib.

Daha sonra söz F.Qarayevə verilib. Federasiyanın vitse-prezidenti bu cür turnirlərin voleybolun kütləviləşməsi və inkişafı baxımından önəmli olduğunu bildirib.

İdman araşdırmalar mərkəzinin işğaldan azad olunmuş rayon və şəhərlərin adlarını daşıyan komandalar arasında turnir keçirməsindən sonra bu adlar peşəkar yarışlarda da görünməyə başlayıb.

Qarayev nümunə kimi “Xarı Bülbül” kollektivini göstərib. O, bildirib ki, federasiya bundan sonra da bu cür voleybol turnirlərinə dəstəyini əsirgəməyəcək.
Nəhayət, sonda turnirin püşkü atılıb və qrupların tərkibi müəyyənləşib. Beləliklə, “Füzuli” komandası “Suqovuşan” və “Xankəndi” ilə birlikdə “A” qrupuna düşüb. “B” qrupunda isə “Şuşa”, “Kəlbəcər” və “Zəngilan” kollektivləri mübarizə aparacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə zəfər kuboku təqdim ediləcək.
Turnir 15-16 iyulda Qusar olimpiya idman kompleksində baş tutacaq.

Həmin kateqoriyadan