Əli Hüseynli: Biz də onlara arzu etdik ki, öz ərazi bütövlüyünün bərpasına nail ola bilsinlər

Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində beynəlxalq reqatanın 3-cü günü başladı. Allsport.az saytı xəbər verir ki, yarışın gedişatında Milli Məclisin sədrinin 1-ci müavini Əli Hüseynli jurnalistlərə açıqlama verdi: “Bu gün Mingəçevir reqatasının bağlanış mərasimi olacaq. Azərbaycanın idmanı üçün çox möhtəşəm hadisədir. Hesab edirəm ki, bu, ictimai-siyasi həyatımızda da mühüm hadisədir.

Məlum olduğu kimi, Azərbaycan kanoe və avarçəkmə federasiyası son dövrdə fəaliyyətini yüksək səviyyədə qurub. Bir neçə ay öncə, may ayında ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan “Prezident kuboku” ilk dəfə işğaldan azad olunan torpağımızda, Suqovuşanda keçirildi. Bu, həmin dönəmdə tək idman yarışı deyildi. Tədbirə qatılan ölkələr və dünya ictimaiyyətinə bir ismarıc idi ki, Azərbaycan işğaldan azad olunan ərazilərdən necə istifadə edir: sülh üçün, idman yarışları üçün.

Bu dəfə də Suqovuşanda reqata təşkil olundu. Əgər ötən səfər rəqabətdə 5 dövlət vardısa, bu dəfə onların sayı 13-ə çatdı. Dünən biz müxtəlif federasiyaların nümayəndələri ilə görüşdük. Gürcüstan, Moldova, Serbiya və digərləri Azərbaycanı, onun rəhbərini təbrik edirdilər. Onlar Azərbaycanın qazandığı bu uğura sevinirdilər. Sevinirdilər ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib. Biz də öz növbəmizdə, onlara arzu etdik ki, öz ərazi bütövlüyünün bərpasına nail ola bilsinlər.

Bu möhtəşəm tədbir münasibəti ilə bir daha idman ictimaiyyətini təbrik edirəm. Hesab edirəm ki, Azərbaycan kanoe və avarçəkmə federasiyası qısa zaman çərçivəsində əldə etdiyi uğurları davam etdirəcək. Bildiyiniz kimi, gələn il ümummilli lider Heydər Əliyevin 100-illiyidir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən gələn il “Heydər Əliyev ili” elan olunub. Əminəm ki, gələn ilin mayında bu yarış daha möhtəşəm səviyyədə təşkil olunacaq”.

Həmin kateqoriyadan