2 mərhələdən sonra ilk “onluq”da

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Hainan” veloyürüşü start götürüb. Allsport.az saytı xəbər verir ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

Yürüşdə ölkəmizi təmsil edən “Synergy Baku” kontinental komandasının 2 üzvü geridə qalan 2 mərhələdən sonra ümumi sıralanmada ilk “onluq”da qərarlaşır. Qeyd edək ki, 85.4 km-lik ilk mərhələdə velosipedçilərimizin hamısı – Maksim Averin, Aleksandr Surutkoviç, Kristof Şvayzer, Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və Ənvər Asanov finişi eyni anda keçən pelotonun içərisində olublar – 1 saat 56 dəqiqə 30 saniyə.

Bu gün keçirilən 2-ci mərhələdə isə iştirakçılar 207 km məsafə qət ediblər və bu dəfə də təmsilçilərimiz mərhələ qalibi ilə eyni nəticəyə imza atıblar – 5 saat, 4 dəqiqə, 50 saniyə. 2 mərhələdən sonra 2 velosipedçimiz ümumi sıralanmada ilk “onluq”da qərarlaşır – Aleksandr Surutkoviç 6-cı, Elçin Əsədov isə 9-cudur. Komanda hesabında “Synergy Baku” 20 kollektiv arasında 8-cidir.

Sabah keçiriləcək 3-cü mərhələdə velosipedçilər 134.7 km məsafə qət edəcəklər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC “Synergy Baku” komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.

Həmin kateqoriyadan