33-cü qitə çempionatı Bakıda

Dekabrda milli gimnastika arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Allsport.az xəbər verir ki, kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.

Qadın idman gimnastikası üzrə 33-cü qitə çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.

Qadınların birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa gimnastika federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.

Bundan sonra Azərbaycan gimnastika federasiyasının istəyi əsasında “Avropa Gimnastikası” yarışın Bakıda keçirilməsinə qərar verdi.

Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və olimpiya oyunlarına təsnifat xarakteri daşıyacaq. Çempionat Tokio-2020-yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək fürsəti verəcək.

Kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.

Həmin kateqoriyadan