Keçmiş ağırlıqqaldıranımızdan dopinq çıxdı

Rusiyalı ağırlıqqaldıran Oksana Slivenko antidopinq qaydalarını pozmaqda ittiham olunur. Allsport.az xəbər verir ki, bu barədə 2012 – 2019-cu illərdə keçirilmiş yarışlarda idmançıların dopinq-test nümunələrini təkrar analiz edən beynəlxalq dopinq test agentliyi (ITA) məlumat yayıb.

ITA 2012-ci ildə Türkiyənin Antalya şəhərindəki Avropa çempionatı zamanı götürülmüş dopinq nümunələrini yenidən təhlil edərkən, Slivenko və 12 ağırlıqqaldıranın testində anabolik steroidlər tapıb.

Digər idmançılardan biri həmin Avropa çempionatında Moldovaya 53 kq çəki dərəcəsində qızıl medal qazandırmış Kristina Yovudur. O, 2013-cü ildən Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Həmin il ümumdünya universiadasında və dünya çempionatında gümüş medala sahib olub.

Siyahıda həmçinin Türkiyənin 4, Rumıniya və Gürcüstanın hərəyə 2, Albaniya, Belarus və Kiprin 1 təmsilçisi var.

Bütün idmançılar təkrar nəticələrlə bağlı məlumatlandırılıb. Onlar “B” nümunəsinin analizini tələb etmək hüququna malikdir.

Xatırladaq ki, 69 kq çəki dərəcəsində çıxış etmiş Oksana Slivenko 2008-ci il Pekin yay olimpiya oyunlarının qalibidir. O, çinli Lyu Çunhunun diskvalifikasiyasından sonra qızıl medal qazanıb. 34 yaşlı idmançı 3 qat dünya və 6 qat Avropa çempionudur.

Həmin kateqoriyadan