AMADA dünyada ilk dəfə görmə imkanları məhdud idmançılar üçün innovasiya təqdim edib

Milli antidopinq agentliyi 13-14 mayda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə paracüdo üzrə qran-pridə dopinqlə mübarizə sahəsində dünyada ilk olaraq innovativ təşviqat proqramını təqdim edib. Allsport.az saytı xəbər verir ki, 36 ölkədən 400-dən çox qonağın iştirak etdiyi turnir üçün hazırlanan xüsusi təşviqat proqramı çərçivəsində Azərbaycan və İngilis dillərində Brayl əlifbasi ilə çap edilmiş üç növ məlumatlandırıcı materiallar və testlər hazırlanmış və paylanmışdır.

Həmçinin AMADA dünyada ilk dəfə olaraq görmə imkanları məhdud idmançılar üçün interaktiv audio əsaslı “iQuiz” antidopinq viktorina sistemini hazırlamışdır. 5 sualdan ibarət bu xüsusi qurğu onların məhdud imkanlarını nəzərə alaraq dopinqlə mübarizə sahəsində biliklərini yoxlamağa imkan verir. Hər düzgün cavab bir “vazari” xalı, hər səhv cavab isə “şido” cəriməsi ilə nəticələnir. İki səhv cavab verən iştirakçı məğlub olur. Ən azı dörd sualı düzgün cavablandıran cüdoçü isə “ippon”, yəni qələbə qazanır.

Yarışda iştirak edən idmançılar, o cümlədən, Azərbaycan idmanının əfsanəsi İlham Zəkiyev və bir sıra milli və beynəlxalq idmançılar tədbirin keçirildiyi günlər ərzində antidopinq biliklərini nümayiş etdirərək AMADA-dan xüsusi hədiyyələr qazanıblar.

Həmin kateqoriyadan