Aslan Ağayev: Sözün düzü, 4 medal qazanacağımızı düşünmürdüm

Qadın güləş millimiz Rumıniya paytaxtında keçirilən Avropa çempionatında 1 qızl və 3 bürünc medal qazanaraq, komanda hesabında ilk 4-lüyə düşdü. Baş məşçi Aslan Ağayev allsport.az saytına müsahibəsində ümumi çıxışı yüksək dəyərləndirdi.

– Sözün düzü, bu yarışa yollananda, 4 medal qazanacağımızı düşünmürdüm. Təxmini hesablama görə, 2-3 medal nəzərdə tutmuşdum. Çünki komandanın liderinin Mariya Stadnikin olmaması böyük itkiydi. O, həmişə qızları arxasınca aparır. Maşa olanda, yığmada özünəinam daha yüksək olur. Ötən Avropa çempionatında bizdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal olmuşdu. Allaha şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdıq. Umidvaram ki, Avropa oyunlarında bundan da yaxşı nəticə olacaq.

– Minsk-2019-da hədəf konkret nədən ibarət olacaq?
– Avropa oyunları öncəsi 1 yarış və 1 təlim-məşq var. Komanda mayın sonlarında İtaliyada gücünü sınayacaq. Hazılıqsa, ya Belarusda, ya da Türkiyədə olacaq.

– Qadın millisində oturuşmuş heyət formalaşıb. Demək, məqsədə çatmaqda elə çətinlik olmayacaq.
– Təəssüf ki, qadın güləşində material azdır. Anlayıram, bu milli-mental dəyərlərlə bağlıdır. Əlimizdə olan qızlar budur. Hələ 2 çəkidə idmançımız yoxdur. Əminəm ki, bu heyət yaxşı nəticələrə yiyələnəcək. Ən əsası, 2-ci məşqçi Rövşən Umudovla çalışıb bu komandanı Tokio olimpiadasına dartmaqdır.

– Belə çıxır, komandanın formada olması üçün, ölkə xaricində çoxlu toplanışlar olacaq?
– Bəli, biz hazırlığı əsasən respublikadan kənarda edirik. Avropa çempionatının özünə Kiyevdən birbaşa gəlmişik. Federasiyamıza öz minnətdarlığımı bildirirəm. Rəhbərlik əlindən gələn bütün dəstəyi verir. Fürsətdən istifadə edərək deyim ki, bu səfər mənə 3-qat bayramdır. Şəxsi tələbəm Cəbrayıl Həsənov çempion, Elmira Qəmbərova 3-cü oldu.

Kamran HACI, Buxarest

Həmin kateqoriyadan