Beynəlxalq və Avropa kanoe federasiyalarının prezidentləri Suqovuşanda

Avarçəkmə üzrə “Prezident kuboku-2023” beynəlxalq reqatasında fəxri qonaq qismində iştirak edən Beynəlxalq kanoe federasiyasının prezidenti Tomas Konyetsko və Avropa kanoe assosiasiyasının prezidenti Jan Zunqrana ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərində abidəsini ziyarət ediblər. Allsport.az xəbər verir ki, sonra qonaqlar Suqovuşanda olublar, yubolyarın 100 illiyinə həsr edilən “Prezident kuboku-2023” turnirinin açılış mərasimi və ilk yarış gününün keçirildiyi məkanla tanış olublar.

Suqovuşan səfərinin ardınca Azərbaycan kanoe və avarçəkmə federasiyasının rəhbəri Vüqar Əhmədov, adı çəkilənlər, Türkiyə kanoe federasiyasının prezidenti Alpər Qabaqçı və Türkiyə avarçəkmə federasiyasının prezidenti Ərxan Ərtürklə birgə toplantı keçiriblər. Tərəflər arasında Azərbaycanda avarçəkmə idman növünün inkişafı barədə fikir mübadilələri aparılıb.

Beynəlxalq federasiya rəhbərləri dünya, Avropa çempionatları kimi böyük yarışların, həmçinin olimpiya oyunlarına lisenziya xarakterli turnirlərin keçirilməsi üçün həm Suqovuşan su anbarı, həm də Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzinin uyğun olduğunu bildiriblər.

Həmin kateqoriyadan