- Baxış sayı: 41
- 26 Avqust 2026 12:26
- Baxış sayı: 77
- Avqust 26, 2026
- 0


Cənubi Afrikadan olan boks üzrə keçmiş dünya çempionu Zolani Teteni qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Allsport.az xəbər verir ki, artıq dörd şübhəli saxlanılıb, lakin polis yeni həbslərin də ola biləcəyini istisna etmir.
Cinayətin sifarişçisi 22 yaşlı Uzuzole Qokvana ola bilər. Qətlin motivinin uzun müddətdir davam edən düşmənçilik zəminində şəxsi qisas olduğu bildirilir.
Tete avqustun 21-də evinin yaxınlığında güllələnərək öldürülüb. Cənubi afrikalı boksçu peşəkar rinqdə 29 qələbə qazanıb və dörd məğlubiyyət alıb.
Qeyd olunur ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasını gözləyib. Elə bu an balaklava taxmış iki silahlı kişi maşına tərəf qaçıb və atəş açıb. 38 yaşlı boksçu yerindəcə ölüb, maşında olan qadın isə çoxsaylı güllə yaraları alıb.
2014-15-ci illərdə Zolani Tete İBF versiyası üzrə ikinci yüngül çəki dərəcəsində dünya çempionu olub. O, 2017-ci ildən 2019-cu ilə qədər VBO versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu tituluna sahib olub. Tete titul döyüşündə ən sürətli nokaut üzrə ginnes rekorduna sahibdir – 11 saniyə (2017-ci ildə VBO titulunu qoruyarkən Siboniso Qonyiyə qarşı). 2022-ci ildə Ceyson Kanningem üzərində qələbədən sonra Tete dopinq testindən keçə bilməyib və 2026-cı ilin iyul ayının sonuna qədər dörd il müddətinə diskvalifikasiya edilib. Son aylarda Tete rinqə qayıtmağa hazırlaşırdı.