MÜSAHİBƏ
“Qazandığım nəticə yunan-Roma güləş tarixində ilkdir”

Polşa paytaxtı Varşavada Avropa çempionatı sona yetmək üzrədir. Yarışın 6-ci günü 3 yunan-Roma güləşçisimiz fəxri kürsüyə çıxdı. Onlardan biri 55 kq-da çıxış edən Eldəniz Əzizli idi. Bürünc medal qazanan idmançımız, eyni sınaqda ardıcıl 3-cü eyni nəticəni göstərdi. Dünən gecə allsport.az saytı titullu bahadırla əlaqə saxladı. O, müsahibəsində maraqlı məqamlara aydınlıq gətirdi:

2018-ci ildə həm Avropa, həm də dünya çempionu oldun. Amma növbəti illərdə çıxışında eniş hiss olundu. Bu nəylə əlaqədardır?
– Düzgün qeyd etdiniz, 2018-ci ildə böyük yarışlarda qızıl medal qazandım. Allaha həmd olsun, o ildən bəri dünya və qitə çempionatlarından mükafatla dönürəm. Bu da yunan-Roma güləş tariximizdə ilkdir.

Son 3 ildə qazandığın bürünc medal görüşləri asan keçsə də, yarımfinalda ani büdrəməyin, səni finallardan edirdi. Bunu nəylə bağlayırsan? Nə çatmırdı?
– İdmanda sabitlik şərtdir. Allaha çox şükür olsun ki, son illlərdə Vətənə üzüağ qayıdıram. Düzdür, son medaların əyarı müəyyən səbəblərdən yüksək deyil. Amma buna da sevinirəm.

Bu yarışda həmin mərhələdə rusiyalı rəqibinlə görüşdə qalib tərəf kimi görünürdün. Amma son saniyələrdə hər şey tərsinə oldu…
– Varşavadakı qitə çempionatına da yaxşı hazırlaşmışdım. Özümü yaxşı hiss edirdim, çəkimi rahat salmışdım. Görüşləri də düzgün qurmuşdum. Yəqin ki, görüşü internet üzərindən izləmisiz. Orda hakimlər qərəzli mövqe tutdular. 2 dəfə ard-arda məni parterə qoydular. Halbuki birində o, digərində mən oturmalıydım. Belə olacağı halda, rahat xal ala və enerjimi qoruya bilərdim.

Rusiyalı rəqibin özü də nə etmək istədiyini bilmədiyi məqamda, ona 3 xal verilməsi, səncə, doğru idimi? Etiraz da yekunda qəbul olunmadı. Görüşdən sonra məşqçilərlə təkrarda nələr sezdin? Orda rəqibin xeyrinə 3 xal vardımı?
– Son saniyələrdə səhv etdim, bunu qəbul edirəm. Amma həvəsdən düşmürəm. Qarşıdakı yarışlarda daha inamlı olmağa çalışacağam

Tokio-2020-dən sonra əksər lider idmançılar karyeranı bitirəcəklərinə eyham vurublar. Bəs Eldəniz Əzizli?
– Çəkim də olimpiya çəkisi olmasa da, dayanmaq fikrim yoxdur. Olimpiadadan sonra Norveçdə dünya çempionatı var, ora hazırlaşacağam. Allahın köməkliyi ilə, Osloda çempionluğu hədəfləmişəm.

Həmin kateqoriyadan