“”Euro Fight” klubunun məqsədi sağlam ruhlu və sağlam düşüncəli idmançılar yetişdirmək”

Milli Olimpiya Komitəsində ilin yekunlarına həsr olunan tədbirdə Azərbaycan pespublikasının İlham Əliyev yüksək nailiyyət qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edib, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup idman ustalarına, idmançılara fəxri diplom və fəxri fərmanlar təqdim edib. Allsport.az saytı xəbər verir ki, dövlət başçısının fərqləndirdiyi sırasında qeyri-olimpiya idman növlərinin inkişafına öz töhfəsini vermiş kikboksçularımız da yer alıb. Bunlardan biri Azərbaycan Kikboksinq Federasiyasının tərkibində yer alan “Euro Fight” klubunun prezidenti Aydın Əhmədovdur:

– 2017-ci ili başa vurmağa artıq sayılı günlər qalıb. Bu il sizin üçün necə yadda qaldı?
– 2017-ci il mənim üçün olduqca uğurlu il oldu. Bu il ərzində turizm sahəsində fəaliyyət göstərən şirkətimizin bir neçə ofisi açıldı, işçilər qəbul etdik, eyni zamanda prezidenti olduğum idman klubumuz yaddaqalan, möhtəşəm yarışlara imzasını atmağı bacardı. Belə yarışlardan birinə misal olaraq Sumqayıt şəhərində keçirilən peşəkar kikboksinq yarışını göstərə bilərəm. İlk dəfə olaraq açıq havada keçirilən beynəlxalq yarış öz rəngarəngliyi ilə yaddaşlarda dərin iz buraxdı. Hesab edirəm ki, son illərdə ölkəmizdə inkişaf edən hər iki sahə, həm turizm, həm də idman sahəsində uğur əldə etmək elə ölkənin uğuruna bir pay qatmaq deməkdir. Ümüd edirəm ki, 2018-ci il daha böyük uğurlarla qarşınızda olacağıq.

– Etiraf edirmisiniz ki, illərdir çalışdığınız turizm sektorunda qazandığınız uğurlara baxmayaraq, Aydın Əhmədov ən çox “Euro Fight” idman klubu ilə tanındı?
– Əlbəttə…Deyərdim ki, “Euro Fight” öz müvəffəqiyyətləri ilə mənim brendimə çevrildi. Kikboksinq idman növünün inkişafına dəstək verməyə başlayanda bu qədər uğur qazanacağımıza inanmırdım. Amma ildən ilə klubumuzun idmançılarının istər ölkəmizdə keçirilən, istərsə də xaricdə baş tutan beynəlxalq yarışlarda qazandıqları medalları, kəmərləri gördükcə həvəslənməyə bilməzdim. Bu, bir növ mənə stimul verir. Hər dəfə kikboksçularımızın klubum adına qazandığı uğurun şahidi olanda sevincimin həddi hüdudu olmur. Bu qürur hissini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Təssəvvür edin Azərbaycanımızın adı ən mötəbər idman arenalarında səslənir, üçrəngli bayrağımız yüksəklərdə dalğalanır, bundan böyük fəxarət hissi varmı?!

– Klubunuzun baş məşqçisi Emil Hacıyev tanınmış kikboksçudur. Cənab prezidentin təltif etdiyi gənc idmançılar sırasında yer alır və əməkdar idman ustasıdır. Deyə bilərikmi Emil məhz elə “Euro Fight” ın siması kimi daha çox tanındı və klubu tanıtdırdı?
– Emil Hacıyev kikboksinq tarixində öz döyüşləri ilə yaddaqalan idmançıdır. Sevindirici haldır ki, məhz Emillə yollarımız birləşib. O, “Euro Fight” idman klubuna bir çox mükafatlar qazandırıb. Onlardan ən yaddaqalanı isə peşəkarlar arasında keçirilən K-1 dünya kəmərinə sahiblənməsi olub. Bundan əlavə dünya kubokunun mükafatını ölkəmizə gətirib, dünyanın bir çox ölkələrində keçirilən yarışların qalibi olub. Yəni, bu mükafatları saymaqla bitməz. Ona görə də hesab edirəm onun rəhbərliyi altında yetişən tələbələr də ən azı Emilin yolunu davam etdirməyə müvəffəq olacaqlar.

– Klubunuzun özünə aid bazası varmı? Məşqlər harada keçirilir, hazırda nə qədər idmançı yetişir?
– Hazırda Tofiq Bəhramov adına stadionda yer alan kikboksinq zalında, həftədə 3 gün olmaqla iki saat məşqlər keçirilir. Zalımızda 30-a yaxın idmançı var. Gələn il üçün əsas planımda olan məsələlərdən biri də odur ki, klubumuza aid baza olsun, özümüzəməxsus idman zalında məşqlər davam etdirilsin. Bununla da sıralarımızı genişləndirmiş olarıq. Bir nüansı da qeyd edim ki, biz burada daha çox qazanmaq yox, dəstək olmaq məqsədi ilə çalışırıq. Ən ümdə məqsədim yeniyetmə və gənclərdə idmana olan həvəsi artırmaq və inkişaf etdirməkdir. Bu istiqamətdə aparılan işlərin məntiqi nəticəsi kimi idmançıların peşəkarlıq səviyyəsinin artırılması üçün əlimizdən gələni etməyə çalışırıq.

– Necə oldu ki, kikboksinqə marağınız yarandı?
– Uşaq vaxtlarından idmana həvəsim böyük idi. Digər işlərimlə yanaşı idmana da zaman ayırmağa çalışırdım. Elə oldu ki, bir dostumuzun vasitəsi ilə Emillə tanış oldum və onda olan kreativ ideyalar məni daha çox idmana cəlb etdi. Beləcə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkilimiz Adil Əliyevlə görüşüb klub yaratmağa qərar verdik. Klubumuz yaranandan sonrakı nailiyyətləri isə göz önündədir. Sağlam ruhlu, sağlam düşüncəli idmançılar yetişdirmək, Vətənimizə sağlam, şərəfli əsgər vermək hər birimizin borcudur. Həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti, ölkə rəhbərimizin üzərimizə qoyduğu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu baxımdan da turizm sahəsindən əldə etdiyim gəlirlərin bir qismini bu sahəyə xərcləməyi özümə bir Vətən borcu hesab edirəm.

 

Həmin kateqoriyadan