Formula 1 əyləncə zonası Dənizkənarı Milli Parkda 27 dekabra qədər açıq olacaq

Dekabrın 19-da Formula 1 Avropa Qran Prisi ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə mərkəzi paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb. Allsport.az xəbər verir ki, gün ərzində minlərlə insanın ziyarət etdiyi kiçik Formula 1 dünyasında əyləncə və maarifləndirmə işi ən yüksək həddə çatıb.

Örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunlarından istifadə edən ziyarətçilər Formula 1 yarışlarının sürət və həyəcanını hiss edirlər. Həmçinin məkanda Avropa Qran Prisi ilə bağlı broşürlər paylanılır. Məkan balacaların da sevimli istirahət yerinə çevrilib. Burada rəsm çəkən və ya boya dəftərləri ilə vaxtını keçirən balacalar nağıl qəhrəmanları ilə də əylənə bilirlər. Əyləncə məkanında quraşdırılmış monitorda Formula 1 yarışlarından bəhs edən videoçarxlar nümayiş olunur. Formula 1-in daimi azarkeşlərinin də maraq dairəsi diqqətə alınıb. Belə ki, onlar qeyd olunan məkana gələrək Formula 1 komandalarının eksponatları ilə tanış ola və həqiqi Formula 1 avtomobili ilə şəkil çəkdirə bilərlər.

Həmçinin, hər gün 15:00-dan 17:00-dək Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri könüllülər proqramına maraq göstərən hər bir vətəndaşla görüşüb, qeydiyyat və könüllü fəaliyyəti ilə bağlı suallara cavab verməyə hazırdırlar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib: “Dekabrın 19-da, yarışın təşkilinə tam altı ay qalmış biz biletləri satışa çıxardıq və Formula 1 avtomobil idmanı mədəniyyətini paytaxt sakinlərinə duyurmaq üçün Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil etdik. Milli Formula 1 azarkeşlərinin səmimi marağını və səngimək bilməyən ziyarətçi sayını nəzərə alaraq, bulvar ərazisində təşkil olunan əyləncə məkanı 27 dekabr, Bazar günü axşam saat 22:00-a qədər, yəni düz 1 həftə ərzində maraqlanan hər kəsin üzünə açıq olacaq. Əsas məqsədimiz idmanın bu növünü insanlara tanıtmaq və onlara bayram əhval-ruhiyyəsi yaşatmaqdır”.

Həmin kateqoriyadan