İslam Abbasov: Olimpiadanın ertələnməsi mənə görə yaxşı oldu. Gəncəm, zəfərə daha hazır olacağam

İlin ilk rübündən dünyanı cənginə alan koronavirus pandemiyası idmanı da iflic etdi. Baxmayaraq ki, sağlam bədəndə sağlam ruh özlüyündə bir qoruyucu vasitədir. Təlim-məşq toplanışları ilə eyni vaxtda yarışlar da dayandı. İdman bu dəfə özü ağır zədələndi, sağalması naməlum vaxta qaldı. Hər halda, Odlar yurdu üçün. Çünki Avropada artıq yavaş-yavaş keçmiş həyata dönür.
Cə­miy­yə­tin ab-ha­va­sı­nı, onu in­ki­şaf­da, ol­du­ğu ki­mi bü­tün ça­la­rı, rəng­lə­ri ilə bi­zə çat­dı­ra bi­lə­cək ta­ri­xi ha­di­sə­lər­dən söh­bət ge­dər­sə, yə­qin ki, olim­pi­ya oyun­la­rı ön plan­da gə­lər. Təəssüf ki, «taclı bəla» ona da qıydı, bu il keçirilməli olan rəqabət bir il sonraya ertələndi. İndiki durumda, o da sual altındadır. Bəşəriyyətin ən böyük idman təntənəsindən söz düşərkən, gözlər ilk növbədə güləşçilərimizə dikilir. Müstəqillik əldə olunduqdan sonra keçirilmiş bütün olimpiadalarda bahadırlar ölkə bayrağının şərəfini daim uca tutublar. Tokioya yollanmaq, ilk dəfə bu həyacanı yaşamaq istəyən yunan-Roma güləşçimizdən biri də İslam Abbasovdur. O, 87 kq-da çıxış edir: gənclərin dünya və qitə birinciliklərinin qalibidir – əsas milli ilə Avropa çempionatında gümüş və bürünc medal qazanıb; son uğuru bu il, adı çəkilən növün 2-ci vətənində, Romada olub. «Köhnə-qitə»nin «klassik»ada aparıcı olduğunu nəzərə alsaq, qənaətbəxş nəticədir. Allsport.az saytına müsahibəsində 24 yaşlı pəhləvan hazırkı dururu dəyərləndirib, qarşıdakı  planlarından danışıb.

– Əsas hazırlıq dekabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq dünya çempionatınadır. Avqustda Dünya güləş birliyinin iclası olacaq. Orda bu il üçün plan dəqiq bilinəcək.

– Yığmada vəziyyət necədir? Boşluq hazırlığa yenə təsir göstərirmi, yoxsa artıq uyğunlaşmamısız?
– Özümüz ev şəraitində hazırlaşırıq. Pandemiya ilə bağlı çətinlik çəkirik. Amma çalışırıq özümüzü formada saxlayaq ki, təlim-məsqlər bərpa olanda çatdıra bilək.

– Bildiyim qədər, olimpiya milli komandalarına məşqlərə icazə veriblər. Gənclər və idman nazirliyinin mətbuat katibi bunu qonaq olduğu «İctimai» televiziyada da bəyan etdi.
– Düzdür, çöldə qaçırıq. Fiziki çalışmalardan qalmırıq. Ən əsası, hazırlıq səviyyəsini qorumaqdır. Belə ciddi toplanışlar yoxdur. Əvvəlki kimi bazada qalmaq, birgə təlim-məşqlər hələ bərpa olunmayıb.

– Aleksandr Tarakanov gələndən sonra, komandada qısa zamanda irəliləyiş oldu, Romada 10 çəkidən 6-sında medal qazanıldı. Hesab etmirsən ki, olimpiadanın 1 il təxirə salınması işin xeyrinə oldu?
– 1 il ertələnmə mənə görə yaxşı oldu. Gənc idmançıyam, uğur qazanmaq üçün, daha texniki-taktiki hazırlıqlar üzərində işləyəcəyəm.
O ki qaldı digər məqama, hər məsqçinin öz üslubu var. Biz də ona uyğun yarışlara hazırlaşırıq. Allah qoysa, Tokio olimpiadasından gözəl nəticələrlə dönərik.

– Hesab etmirsən ki, 1-illik fasilə vəsiqə qazanmaq imkanlarını da artıracaq. Çünki komanda hazırda lisenziyasızdır.
– Düzdür, daha hazırlıqlı olacağıq. Həm də baş məşqçi təzə gələndə, bir az anlaşılmamazlıq olur, amma zaman keçdikcə, həm o səni başa düşür, həm də sən onu. Bu fasilə bizim imkanlarımızı daha artıracaq.

– İlin sonunda komandanı dünya çempionatı gözləyir. Gələn ilə yüksək ovqatda daxil olmaq üçün Belqradda medalı gercəkdən hədəfləmisənmi?
– Sözsüz! İlə yaxşı başladım. İtaliyada qitə çempionatında 3-cü yer tutdum. Pandemiya olmasaydı, uğurun davamını gətirəcəkdim. Mövsümü yüksək ab-havada bitirmək, gələn il lisenziya yarışlarına daha inamlı və həvəsli çıxmaq üçün, Serbiyada fəxri kürsüyə çıxmaq mütləqdir.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan