Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakı Avropa qran-prisində konsert verəcəklər

Dünya musiqisinin ulduzları 17-19 iyunda Bakıda baş tutacaq Formula 1 Avropa qran-prisi çərçivəsində keçiriləcək konsert proqramlarında öz ifaları ilə azarkeşləri əyləndirəcəklər. Allsport.az saytı xəbər verir ki, dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq. İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.

Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri başa çatacaq.

Həmin kateqoriyadan