“Mingəçevir reqatası”nda neçə dövlət iştirak edəcək?

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ənənəvi “Mingəçevir reqatası”nı yenidən bərpa edir. Allsport.az saytı xəbər verir ki, oktyabrın 21-23-də təşkil olunacaq reqatada 15-dək ölkə iştirak edəcək. Azərbaycanla yanaşı, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.

Rəsmi açılış və yarışların birinci günü ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Suqovuşanda baş tutacaq. Komandalar oktyabrın 21-də Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər. Bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan