Mirpaşa Miriyevin 100-illiyinə həsr olunan “Redaktor”

Görkəmli idman yazarı, 1950-ci ildən 1987-ci ilədək “İdman” qəzetinin baş redaktoru olmuş Əməkdar jurnalist Mirpaşa Miriyevin anadan olmasının 100-illiyinə həsr edilən “Redaktor” kitabı işıq üzü görüb.

Nəşrdə ustad həmkarımızın həyatından, ölkəmizin idman mətbuatında tutduğu mövqedən, bədən tərbiyəsi və idmanın inkişafında, təbliğindəki xidmətlərindən bəhs olunub, vaxtilə mətbuata verdiyi müsahibələr təqdim edilib.

Kitabın “Ön söz”ünün müəllifi Qabil Mehdiyevdir. Nəşrdə Əməkdar jurnalistlər – Aqşin Kazımzadənin, Oqtay Bayramovun, Əməkdar elm xadimi Ağacan Abiyevin, yazıçı-publisist Cəmil Əlibəyovun, Əməkdar incəsənət xadimi Ayaz Salayevin, Xalq rəssamı Oqtay Sadıqzadənin, Azərbaycan bədən tərbiyəsi və idman veteranları ittifaqının sədri Yaşar Məmmədovun və yubilyarın qızı Ulduz Miriyevanın xatirələri yer alıb.

Kitabda, həmçinin Mirpaşa Miriyevin müxtəlif illərdə qələmə aldığı “Dəmir qala”, “Bir zavodun idmançıları”, “Kənd idmançıları”, “Çempionlar”“Yollar birləşir” adlı məqalələri oxuculara təqdim olunur.

“Redaktor” kitabının naşiri AİJF prezidenti, “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev, redaktoru isə Əməkdar jurnalist Oqtay Bayramovdur.

Azərbaycan idman jurnalistləri federasiyasının ilk nəşri olan bu kitab gənclər və idman nazirliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb.

Həmin kateqoriyadan