Ölkə başçısı Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri David Lappartyeni qəbul edib. Allsport.az saytı xəbər verir ki, David Lappartyen BMX növü üzrə dünya çempionatında iştirak etmək üçün Odlar yurduna gəlməsindən məmnunluğunu söyləyib. O, bu tədbirin mühüm beynəlxalq idman yarışı olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirib. Azərbaycanda beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyən David Lappartyen Bakıda birinci Avropa oyunlarının açılışının gözəl təşkil olunduğunu və orada iştirakını məmnunluqla xatırladıb.
 
Dövlətimizin başçısı Bakıda tədbirin önəminə toxunaraqDavid Lappartyenə Azərbaycanda velosiped idman növünün inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, velosiped idmanının BMX növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasına və ümumilikdə idmanın inkişafına təkan verir.
 
Azərtac.az-ın məlumatına görə, söhbət zamanı Azərbaycanda idmanın sürətli inkişafı, ölkəmizdə müxtəlif idman növləri üzrə ən müasir infrastrukturun yaradıldığı məmnunluqla qeyd olunub, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Həmin kateqoriyadan