Ölkəmiz dünya çempionatına ev sahibliyi edəcək

Noyabrda Azərbaycan gimnastika federasiyası daha bir dünya çempionatına ev sahibliyi edəcək. Allsport.az xəbər verir ki, nazirlər kabinetinin müvafiq qərarı ilə noyabrın 18-21-də batut gimnastikası üzrə 35-ci dünya çempionatı, ayın 25-28-də isə bu növ üzrə 28-ci dünya yaş qrupları yarışlarının keçirilməsinə icazə verilib.

Bu turnirlərin ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçıların iştirakı olmadan keçirilməsi planlaşdırılır. Dünya çempionatı bu il milli gimnastika arenasının ev sahibliyi edəcəyi ikinci dünya birincilyi olacaq.

Mayda pandemiya dövründə nazirlər kabinetinin müvafiq icazəsi ilə aerobika gimnastikası üzrə dünya çempionatı və yaş qrupları yarışları uğurla təşkil edilmişdi. Həmin yarışlarda idmançılar da daxil nümayəndə heyətlərinin üzvləri, işçi heyəti, media nümayəndələri və digər şəxslər arasında COVID-19-a yoluxmanı minimuma endirmək məqsədilə ölkəmizdə qüvvədə olan karantin qaydaları ilə yanaşı, beynəlxalq gimnastika federasiyasının koronavirus pandemiyası dövründə tətbiq etdiyi qaydalar da nəzərə alınmışdı.

Bundan əlavə, yarışda insanlar arasında təmasın maksimum dərəcədə azaldılması üçün gimnastlarla müsahibələr onlayn təşkil edilmiş, medalların təqdimatında isə dronlardan istifadə olunmuşdu.

Həmin kateqoriyadan