Qaxda ustad dəsrləri

Gimnastika federasiyası (AGF) və “Regional İnkişaf” ictimai birliyinin birgə təşkilatçılığı ilə Qaxda uşaqlar üçün batut gimnastikası üzrə ustad dərsləri keçirilib. Allsport.az xəbər verir ki, “Kiçik çempionlar” adlı ustad dərslərində Qax rayonunda yaşayan 50 uşaq iştirak edib.

Dərsdə iştirakçılara batut gimnastikası, bu növdə istifadə olunan alət haqqında, eləcə də batutçularımız və onların uğurları barədə ətraflı məlumat verilib.

Ustad dərsləri üçün batut gimnastikası üzrə yığma komandamızın üzvləri – Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov və Şəfiqə Hümbətova, həmçinin komandanın məşqçiləri də Qaxa səfər ediblər.

Gimnastlar batut üzərində çıxışlarını icra edərək, tədbirdə iştirak etmiş uşaqlara ustad dərsləri keçiblər.

Alət haqqında ətraflı məlumat əldə etdikdən sonra uşaqlar da müxtəlif elementləri yerinə yetirməyə çalışaraq batut üzərində öz bacarıqlarını yoxlayıblar.

Tədbirin sonunda uşaqlara “Regional İnkişaf” İctimai Birliyi tərəfindən sertifikat, AGF tərəfindən hədiyyə təqdim edilib.

Həmin kateqoriyadan