Rizvan Rəsulov: İnanıram ki, İslam Həmrəyliyi oyunlarında yaxşı nəticələr qazanacağıq

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov bu ilin mayında Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik oyunlarının rəsmi saytına danışıb. Allsport.az saytı sizi həmin müsahibə ilə tanış edir:

– Son günlər federasiyanızda müsbət tərəfdən dəyişikliklər oldu. Dəyişikliklərin nəticəsi sizi qane edirmi?
– Federasiyanın inkişaf etməyi üçün hər zaman dəyişikliyə ehtiyacı var. Rəyasət Heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edildi. Keçirdiyimiz iclasda yığma komandaların yeni heyəti səsvermə yolu ilə müəyyən edildi. Komandalarımız kişilərdən, qadınlardan, yeniyetmə və gənclərdən ibarətdir. Ümumilikdə 12 məşqçimiz var. Onların 10 nəfəri kişi, yeniyetmə və gənclər, 2 məşqçimiz isə qadın idmançılardan ibarətdir.

– Son illər ölkəmizdə idmanın inkişafı göz önündədir. AAAF-da hansı inkişaf prosesindən danışmaq olar?
– AAAF-ın inkişafını artıq son illərdir ki, hər biriniz görürsünüz. Biz ancaq irəliyə doğru, inkişafa doğru addım atırıq.

– 12-22 mayda 4-cü İslam Həmrəyliyi oyunları Azərbaycanın paytaxtında keçiriləcək. Bütün federasiyalar bu böyük layihəyə ciddi hazırlaşır. Sizin hazırlıqlar necə gedir?
– Biz artıq keçən ildən özümüzü oyunlara kökləmişik və federasiya olaraq var gücümüzlə çalışırıq. Məşqçilərimizin proqramı mövcuddur və ona uyğun olaraq məşqlərini davam edirlər. Oyunlarda iştirak etmək üçün bir neçə turnir və yarışlardan yaxşı nəticə verməliyik ki, hazırda buna hazırlaşırıq. Bu məqsədlə yığma komandamız gələn həftə Ukraynaya təlim-məşq toplanışına yollanacaq.

– Milli komandada üzv seçilərkən yaş fərqi qoyulurmu?
– Xeyr, təbii ki, ağırlıqqaldırmada yaş fərqi qətiyyən yoxdur. Ola bilsin, 15 yaşlı bir yeniyətmə dünya rekordçusu olacaq ki, bunun qarşısını yaşa görə kəsə bilmərik.

– İslam oyunlarında ağırlıqqaldırma millimizin tərkibində kimlərin olacağı bəllidirmi?
– Xeyr, bunu demək üçün hələ çox tezdir. Biz onu qatıldığımız yarışlardan, keçdiyimiz turnirlərin nəticəsindən sonra biləcəyik. İnanıram ki, yaxşı nəticələrə əldə edə biləcəyik. Yetərli qədər istedadlı, bacarıqlı, çalışqan idmançılarımız var. Ümid edirəm ki, bunun da nəticəsi yaxşı olacaq.

Həmin kateqoriyadan