Rüstəm Orucov: 73 kq-da üstünlüyümü yenidən göstərmək niyyətindəyəm

İslam həmrəyliyi oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov (73 kq) jodoinside.com-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan cüdoçusu Bakı-2017-də çıxışına münasibətini bildirib və yaxın gələcək üçün planlarını bölüşüb.

-Bakı 0yunlarında çıxışınızı necə qiymətləndirirsiniz?
-Mən çıxışımdan da, göstərdiyim nəticədən də narazıyam. Hər halda zədəli idim və özümün ən yaxşı keyfiyyətlərimi nümayiş etdirə bilmədim, mübarizəyə tam hazır deyildim.

-Siz İslamiadanın səfiri idiniz. Üzərinizdə əlavə məsuliyyət vardı. Bəlkə bu sizə təsir göstərib?
-Bəli, mənim üçün həqiqətən xüsusi Oyunlar idi. Yarışlara hazırlaşan zaman əlavə yükümün olması hiss olunurdu.

-Komanda yoldaşınız Hidayət Heydərovla final görüşü barədə danışın.
-Mən mübarizənin ruhunu duydum və qızıl medal qazanmaq ümidində idim. Ancaq bu, idmandır və burada hər şey ola bilər. Mənim bir səhvim məğlubiyyətə gətirib çıxardı.

-Dərəcənizi dəyişmək barədə heç düşünmüsünüzmü?
-Yox, 73 kiloqrama qədər çəki dərəcəsində özümü rahat hiss edirəm. Mən bu dərəcədə ən güclü cüdoçuyam. Ona görə də dərəcəmi dəyişməyə hazırlaşmıram. Komanda yoldaşımın simasında əlavə rəqibim peyda olub, amma mən bu çəkidə üstünlüyümü göstərmək niyyətindəyəm.

-Perspektivdə hansı planlarınız var? Dünya çempionatı, deyilmi?
-Bəli. Budapeştdə keçiriləcək mundiala qədər, çox güman, heç yerdə çıxış etməyəcəyəm. Məqsədim dünya çempionu olmaqdır. Bütün gücümü buna yönəldəcəm. Özü də bizi gərgin təlim-məşq toplanışları gözləyir. Yaponiyada məşq etməyi planlaşdırırıq.

-Siz ən yüksək reytinqli cüdoçulardan birisiniz. Azarkeşlərin dəstəyini hiss edirsinizmi?
-Mən onların diqqətini qiymətləndiririrəm. Mənimlə görüşmək, məşqlər və ya cüdo barədə suallar vermək istəyəndə daim onların qarşısına çıxıram. Azarkeşlər məni çox ruhlandırırlar.

-Asudə vaxtınızı necə keçirməyə üstünlük verirsiniz?
-Bir qayda olaraq, ailəmlə birlikdə keçirirəm. Övladımla oynayıram, yaxınlarımla təbiətin qoynunda dincəlirəm.

Həmin kateqoriyadan