Allsport.az cüdoya həsr olunan jurnalist müsabiqəsinin qaliblərindən oldu

Azərbaycan cüdosunun yaranmasının 50 illik yubileyinə həsr olunmuş jurnalist müsabiqəsinin nəticələri məlum oldu. Allsport.az saytı xəbər verir ki, ACF nümayəndələrinin, münsif üzvlərin, müsabiqə iştirakçılarının və digər idman jurnalistlərinin iştirakı ilə 21 iyul tarixində keçirilən tədbirdə 11 qalib açıqlandı.

Nəticələri elan etməzdən öncə ACF-in vitse prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, mətbuat katibi Ülkər Abbasova çıxış edərək, media nümayəndələrini Milli mətbuat günü münasibəti ilə təbrik etdilər. Bildirildi ki, müsabiqənin təşkil olunmasında məqsəd jurnalsitlərlə dostluq əlaqələrini daha da gücləndirmək, cüdo sahəsinə maraq göstərən jurnalistlərin artmasına töhvə verməkdir. Müsabiqədə iştirak edən bütün jurnalistlər artıq ACF üçün dost və qalib jurnalsitlərdir. İştirakçıların hər biri ilə gələcəkdə müxtəlif layihələrdə sıx əməkdaşlıq ediləcək.

Mükafatlandırmada qeyd olundu ki, müsabiqəyə müəyyən olunmuş müddət ərzində (20 may – 10 iyul) 23 material təqdim olunub. Əvvəlcədən də bildirildiyi kimi, 5 nəfərdən ibarət jüri nümayəndəsinin səsverməsi ilə ümumilikdə ən çox xal toplayan ilk 10 iştirakçı qalib seçilməli idi. Reytinqdə 9, 10 və 11-ci yerdə olan jurnalistlər eyni xal topladığı üçün, 11 qalib müəyyən olunub. ACF elan etdiyi bu müsabiqədə qaliblərin sıralaması yoxdur, 11 nəfərin hər biri eyni dərəcəli qalibdir və onların adları əlifba sırası ilə açıqlandı:

Aygün Asimqızı (kaspi.az), Elnur Salahov (report.az), Kamran Hacı (allsport.az), Leyla Qurbanova (azertag.az), Mehman Rəsulov (Real TV), Sahib Əsədbəyli (fanat.az), Səbuhi Musayev (oxu.az), Sənan Abdullayev (Xəzər TV), Xanım Aydın (kaspi.az), Zaur Xudiyev (oxu.az), Zəki Feyzullayev (azerisport.com). Qaliblərin hər birinə 500 AZN məbləğində pul mükafatı təqdim olunub. Müsabiqənin digər iştirakçılarının hər birinə də təşəkkürnamə və hədiyyələr bağışlanıb.

Müsabiqənin qaliblərini aşağıdakı 5 nəfərdən ibarət münsiflər heyəti müəyyən etdi: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu, Gənclər və İdman Nazirliyinin mətbuat katibi, əməkdar jurnalist Qabil Mehdiyev, ATV prezidentinin müşaviri, əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, TV jurnalist Ayaz Mirzəyev, Əməkdar Bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Ağayar Axundzadə. Jüri nümayəndələri də tədbirdə çıxış edərək materiallar barədə öz fikrlərini bölüşüblər.

Həmin kateqoriyadan