Arif Rəhimov Monakoda “Formula1-in iqtisadi faydaları”na həsr olunan toplantıda iştirak edib

Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov Monako qran-prisi ərəfəsində Formula1-in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumunda iştirak edib. Allsport.az saytı xəbər verir ki, “Financial Times” qəzetinin təşkilatçılığı ilə hər il “Monako və bu şəhərin Formula1-dəki yeri” adı altında keçirilən forum bu il Monako Qran Prisinin 90 illiyi münasibətilə xüsusi mövzuya – “Formula1-in iqtisadi faydaları”na həsr olunub.

Sayca 3-cü olan builki foruma avtoidman dünyasından 100-ə yaxın ali nümayəndə, o cümlədən, Formula1-də sponsorluq ilə çıxış edən şirkətlərin təmsilçiləri, bilet və qonaqlama xidmətinə dair agentliklər, komanda rəhbərləri və digər yuxarı səviyyəli idarəçilər dəvət olunub.

Forumda çıxış edən Arif Rəhimov şəhərin mərkəzi küçələrində keçirilən Azərbaycan mükafat yarışının ölkəyə və xüsusən də paytaxt Bakıya qazandırdığı iqtisadi və sosial faydalardan danışıb, qlobal təqdimat baxımından yarışın yaratdığı geniş imkanlardan söhbət açıb.

Forum zamanı digər natiqlər Formula1-in yeni rəhbərliyinin bu idmanın təşkilatçılığına gətirdiyi yeniliklər və onun təsirləri, yarışın ümumi iqtisadi faydaları, yarış məkanlarında qlobal və yerli brendlər üçün yaradılmış yeni sponsorluq imkanları, gəncləşən Formula1 auditoriyasının yeni cağırışları və təqvimə əlavə olunan yeni yarış məkanlarının mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Bakı şəhər halqasının Monakoda baş tutan forumda iştirakı təsadüfü deyil. Əməliyyat şirkəti Bakıda 200-dək nümayəndənin, o cümlədən Formula 1-in rəhbərliyi, avtoidman dünyasının aparıcı nümayəndələri və beynəlxalq media təmsilçilərinin iştirakı ilə indiyədək son 3 il ərzində hər il ardıcıl olaraq Formula 1 yarışlarının ölkəyə faydaları mövzusunda beynəlxalq konfrans keçirib. Bundan başqa şirkətin təşəbbüsü ilə ilk iki ildə baş tutan Formula1 qran-pri yarışlarının ölkəyə gətirdiyi birbaşa və dolayı gəlirlərinin müəyyənləşdirilməsinə dair müstəqil araşdırma həyata keçirilmişdir və bu araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunmuşdur.

Həmin kateqoriyadan