Arzu Hüseynova: Azərbaycan bu MDB oyunlarında da yüksək yerlər uğrunda mübarizə aparacaq

Aprelin 23-də yeniyetmələrin 3-cü MDB oyunlarına həsr olunan ilk mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə yarışın təşkilatçılarından olan Bakı şəhər halqası əməliyyat şirkətinin mətbuat şöbəsinin rəhbəri Arzu Hüseynova çıxış etdi. Onun sözünə görə yarışa hazırlıq yüksək səviyyədə gedir. Həmişə olduğu kimi, bu dünyamiqyaslı tədbir də xatirələrdə xoş iz buraxacaq. Sitat:

“Ölkəmizdə Bakı-2015 ilk Avropa oyunları, Bakı-2017 İslam olimpiadası, futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 matçı, Avropa liqasının finalı keçirilib. Bundan başqa, avtomobil həvəskarları hər il Formula-1 üzrə dünya çempionatının mərhələsi çərçivəsində Bakı qran prisini seyr edirlər. Ölkəmiz mötəbər yarışların təşkilində böyük təcrübəyə malikdir.

3-cü MDB oyunlarına hazırlıq yüksək səviyyədədir. Yarış müxtəlif bölgələrdə keçiriləcək. İdmançılarımız hər zaman uğurları ilə bizləri sevindirirlər. Minskdə millimiz 62 medala yiyələnmişdi. Əminik ki, bu oyunlar da istisna olmayacaq, Azərbaycan komandası yüksək yerlər uğrunda mübarizə aparacaq”.

3-cü MDB oyunları 2025-ci ildə “Müstəqil dövlətlər birliyinin idman paytaxtı” elan edilən Gəncədə və ölkənin daha 6 şəhərində keçiriləcək. Sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar keçiriləcək.

Həmin kateqoriyadan