Azərbaycan mükafat yarışının marşalları üçün təlim

Aprelin 26-28-də Formula1 Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində Bakı Şəhər Halqası əməliyyat şirkəti və Bakı marşal klubunun üzvləri bacarıq və təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə start verib. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə FHN akademiyasında nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün təlimlər keçirilib.

Məqsəd, yarışlar zamanı fövqəladə hal yarandıqda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrin operativ şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Nəzəri və təcrübi hissələrdən ibarət təlimlərdə ümumilikdə 200 nəfər (FHN-in 63 əməkdaşı və 137 könüllü marşal) iştirak edib. Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti iştirakçılara yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqların möhkəmləndirilməsi məqsədilə vacib təqdimatlar edib.

Bundan əlavə, yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə edilən xüsusi texnika və avadanlıqla davranış qaydaları da əyani vasitələrlə izah olunub. Beləliklə, marşallar nəzəri hissələrdə qazandıqları bilikləri praktiki hissədə tətbiq etmək imkanı qazanıb.

Həmin kateqoriyadan