Azərbaycan qran-prisinin marşal proqramına qeydiyyat davam edir

Gələn il aprelin 26-28-də Formula1 Azərbaycan qran-prisinin marşal proqramına qeydiyyat davam edir. Allsport.az saytı xəbər verir ki, hər gün saat 09:00-dan 22:00-dək fəaliyyət göstərən Bakı marşal mərkəzi bu yürüşün olmağı arzulayan şəxslərin müraciətini qəbul edir.

Bir çox qəza və toqquşmalar nəticəsində olduqca gərgin keçən ötən yarış həftəsonunda marşallar dünya standartlarına uyğun fəaliyyət göstəriblər. Məhz belə gərgin yarış zamanı Bakı Şəhər Halqasının marşalları 60 dəfə trekə daxil olaraq vəzifələrini layiqincə yerinə yetiriblər.

Ötən yarış nə qədər uğurlu keçsə də, BŞH komandası daim müsbət dəyişikliklərə və marşal fəaliyyətinin daha da təkmilləşdirilməsinə çalışır. Bunun üçün yerli təşkilatçı proqrama 300 yeni marşalın cəlb edilməsini hədəfləyir. Ümumilikdə, 1100 yerli, 140 xarici vətəndaşın qəbul olunması planlaşdırılır. Müraciətdən uğurla keçən şəxslər üçün təlimlər fevralın 1-dən başlayacaq. Yaşayış yerindən asılı olmayaraq, 21 yaşdan yuxarı hər kəs bu proqrama qoşula bilər.

Proqrama cəlb edilən marşallar 2019-cu il Formula1 Azərbaycan qran-prisinin bir hissəsi olmaq, yarışın həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı qazanacaqlar. Formula1 həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara da qatılmaq hüququ verəcək.

Həmin kateqoriyadan