Azərtac Bakıda keçiriləcək Formula-1-in rəsmi media tərəfdaşı olub

Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) ilə Formula-1 Avropa qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanı gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və Azərtac-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

Sazişin imzalanması mərasimində qeyd olunub ki, Azərtac Formula-1 Avropa qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. İyunun 17-19-da keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. Azərtac-ın saytında bu gündən etibarən Formula-1 bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək.

Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: “Biz çox şadıq ki, bir əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi haqqında geniş miqyasda məlumatlılığın artırılması sahəsində əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən, Azərtac ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək Formula-1 barədə xəbərləri bütün dünyada yayacaq.

Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxtımızı və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcək Azərtac-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, həm Avropa Qran-prisinin işıqlandırılmasnda, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq”.

Tərəfdaşlıq sazişinin əhəmiyyətindən danışan Azərtac-ın baş direktoru Aslan Aslanov deyib: “Dünya informasiya məkanında özünəməxsus yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün daha bir əlamətdar hadisə baş verir. Kollektivimiz Azərtac-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə rəsmi media tərəfdaşlığına dair sazişin imzalanmasından məmnunluq duyur”.

 

Həmin kateqoriyadan