AzVİF velosiped həvəskarlarını yarışa dəvət edir

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim-planına uyğun olaraq sentyabrın 12-də Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçiriləcək. Allsport.az xəbər verir ki, saat 10:00-da başlayacaq yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.

Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunun velosipedçiləri 4, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurmalıdırlar. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışın qeydiyyat prosesi saat 09:00-da başlanacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 2-ci mərhələsinə dəvət edir. Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər. Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.

Həmin kateqoriyadan