“Bakı ilk Avropa Oyunlarına ideal səviyyədə ev sahibliyi edəcək”

Monteneqro Milli Olimpiya Komitəsinin prezidenti Duşan Simonoviç Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı “Azərtac”ın xüsusi müxbirinin suallarını cavablandırıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Avropa Olimpiya Komitəsinin Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərarını necə qiymətləndirirsiniz?
– Qətiyyətlə deyə bilərəm ki, Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasının nümayəndələri məhz ölkənizdə idmanın inkişafı və təşviqi istiqamətində əldə edilən nailiyyətləri əsas götürərək ilk Avropa Oyunlarının ev sahibliyini Azərbaycana etibar etdilər. Şübhəsiz, bu qərar verilərkən ölkənizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi və uğurlu təcrübəsi nəzərə alınıb. AOK-un böyük ümid bəslədiyi bu yeni layihəyə ev sahibliyi etməsi üçün Bakını seçməsi Azərbaycana olan böyük etimadın bariz göstəricisidir.

Xatırlatmaq istərdim ki, qurumun prezidenti Patrik Hikki Bakıya səfəri zamanı şəhərin unudulmaz idman tədbirinə tam hazır olduğunu, idmançıların, azarkeşlərin yarışların keçiriləcəyi obyektlərin yüksək səviyyəsindən heyran olacaqlarına əminliyini bildirib. Həqiqətən də bu dəyərləndirməyə zərrə qədər şübhəmiz yoxdur.

Mən də Bakıya səfər etmək və hazırlıq işləri ilə yerində tanış olmaq imkanı qazandım. Orada gördüklərimə heyran qaldım. Ölkənizin Olimpiya hərəkatına verə biləcəyi töhfələr göz önündədir. Əminəm ki, Bakı ilk Avropa Oyunlarına ideal səviyyədə ev sahibliyi edəcək və bu da öz növbəsində 2024-cü ilin Olimpiya Oyunlarına namizədliyə tramplin xarakteri daşıyacaq.

– “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək Monteneqro yığmasının yarışa hazırlığı barədə nə deyə bilərsiniz?
– İlk Avropa Oyunları bizim üçün bir çağırışdır. AOK bu tədbiri ən yüksək səviyyədə təşkil etməkdə və köhnə qitənin idman brendinə çevirməkdə maraqlıdır. Milli idman ittifaqları ilə əməkdaşlıq edərək bu yarışa ciddi hazırlaşmağa başladıq. Monteneqro Milli Olimpiya Komitəsi olaraq, Bakıya bacarığımızı və potensialımızı layiqincə nümayiş etdirəcək ən peşəkar idmançıları göndərəcəyik. İlkin siyahıya əsasən, komandamız təxminən 100 nəfərdən ibarət olacaq. İdmançılarımız su polosu, üzgüçülük, atletika, boks, velosiped, atıcılıq, karate, cüdo üzrə yarışacaqlar. Biz “Bakı-2015” ilk Avropa Oyunlarına, eyni zamanda, Monteneqronun təbliği və Azərbaycan ilə mövcud uğurlu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkan kimi baxırıq.

– Azərbaycanda idmanın inkişafı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
– Azərbaycan idman sahəsində tarixən formalaşan ənənələrinə və son illər müvafiq istiqamətdə qazandığı nailiyyətlərinə görə yaxşı tanınır. Bu inkişafı görmək üçün 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın uğurlarına nəzər salmaq kifayətdir. Bu yarışlarda ölkəniz dünya idman nəhəngləri arasında 30-cu yeri tutdu. Azərbaycanın idmanın bir sıra növləri üzrə, xüsusilə güləş və boks kimi döyüş növləri, şahmat, ağırlıqqaldırma, ritmik gimnastika sahəsində zəngin ənənələrə malik olması da bizə yaxşı məlumdur. Azərbaycanın dövlət başçısı İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin prezidenti olması özlüyündə ölkənizdə idmanın inkişafına dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisidir.

Azərbaycan 2016-cı ildə “Formula-1” üzrə Avropa Qran-pri yarışına, futbol üzrə “Avro-2020”nin final mərhələsinin dörd oyununa ev sahibliyi edəcək. Bütün bunlar idman sahəsindəki inkişafın bariz nümunəsidir. Ona görə də “Odlar Yurdu” kimi tanınan ölkənizə idman ictimaiyyətimiz tərəfindən “Azərbaycan: Odlar və İdman Yurdu” şüarını təklif edərdik. “Bakı-2015”in növbəti Avropa Oyunları üçün yüksək standartlar yaradacağına ümid edirəm.

Həmin kateqoriyadan