Bakı marşal klubu geniş miqyaslı təlim keçirib

Bakı şəhər halqası əməliyyat şirkətinin nəzdində Bakı marşal klubu marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlim keçirib.
Allsport.az saytı xəbər verir ki, əqsəd yarışlar zamanı fövqəladə hal yarandıqda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yaranacaq təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün iştirakçıların peşəkarlığının daha da artırılmasıdır.

Avropa oyunları parkında yerləşən Bakı marşal mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Formula-1 Azərbaycan qran-prisinin idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Praktiki hissədə, təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Sonda Azərbaycan avtomobil federasiyasının drift və volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib.

Növbəti Formula-1 Azərbaycan mükafat yarışı 10-12 iyunda keçiriləcək. Yarış müddətində 1400 marşal iştirak edəcək.

Həmin kateqoriyadan