Bakı şəhər halqası əməliyyat şirkəti “Yaşıl siyasət”ə keçir

Formula1 Azərbaycan qran-prisinin promouteri olan Bakı şəhər halqası əməliyyat şirkəti “Yaşıl strategiya”ya keçdiyini bəyan edib. Allsport.az xəbər verir ki, bundan sonrakı bütün fəaliyyət daha yaxşı və daha yaşıl gələcək naminə dayanıqlılıq çərçivəsində quralacaq. Paytaxtın evsahibliyi edəcəyi növbəti yarış həftəsonu 5-7 iyun 2020-ci ildə baş tutacaq.

Aylarla davam edən intensiv hazırlıq işlərindən sonra əməliyyat şirkəti ərsəyə gətirdiyi yeni yaşıl proqramını şirkətin bütün fəaliyyətinə yaymağa çalışacaq. Bununla da Bakı yarışının promouteri bu ayın əvvəlində Formula 1 şirkətinin ictimaiyyətə təqdim etdiyi və 2025-ci ilədək bütün yarışların tam dayanıqlı çərçivədə keçirilməsini nəzərdə tutan dayanıqlılıq proqramını yerli miqyasda icra etməyə səy göstərəcək.

Yeni strategiya çərçivəsində əməliyyat şirkəti gələcək yarış həftəsonlarında dayanıqlı materialların istifadəsini genişləndirəcək, birdəfəlik istifadəyə yararlı plastik materiallardan istifadəni əhəmiyyətli dərəcədə azaldacaq və yarış məkanında yaranan tullantıların yenidən istifadə və emala göndərmək məqsədilə toplanması üçün bu məkanın hər bir tərəfinə tullantı çeşidinə uyğun xüsusi qutular yerləşdirəcək. Əməliyyat şirkəti yeni strategiyadan yola çıxaraq əməkdaşlıq etdiyi şirkətlərə və digər əlaqədar qurumlara paytaxt Bakıda baş tutacaq növbəti Formula 1 yarışına qədər və həmçinin yarış həftəsonu ərzində bu təşəbbüsdə iştirak etmək imkanı yaradacaq. Atılan bu addımlar eyni zamanda Formula1 şirkətinin dayanıqlılıq proqramında yerli promouterlərlə daha dayanıqlı gələcək naminə görüləcək işlər arasında yer alır.

Qeyd edək ki, əməliyyat şirkəti yaşıl təşəbbüs çərçivəsində toplanmış tullantıları Bakı autizm mərkəzinə təhvil verəcək və mərkəz də öz növbəsində bu tullantıları əlaqədar emal müəssisələrinə verərək əldə olunan vəsaiti bu mərkəzdə xidmət görən aztəminatlı autizm uşaqlarının reabilitasiyasına sərf edəcək.

Həmçinin əməliyyat şirkəti dayanıqlılıq təşəbbüsü istiqamətində öz ofisində “Yaşıl qaydalar”a tam riayət olunmasını təmin etməklə bu strategiyanın şirkətdaxili mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilməsini həyata keçirməyə çalışacaq. Bu proses çərçivəsində kağız, enerji və suya qənaət olunacaq və həmçinin əməliyyat şirkətinin ofisində tullantıların çeşidlənməsi üçün xüsusi qutular yerləşdiriləcək. Bundan başqa, “Qış Bağçası” layihəsi çərçivəsində işçilərin şirkət ofisinə bitkilər gətirməsi tövsiyə olunacaq.

Nəzərdə tutulan bütün fəaliyyətləri tam reallaşdırmaq üçün əməliyyat şirkəti daxilində öz işçilərindən ibarət “Yaşıl komitə” qurulub. Bu komitədə şirkətin bütün şöbələri təmsil olunur və komitə “Yaşıl strategiya” ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində ən yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.

Həmin kateqoriyadan