Cənub regional boks mərkəzinin açılışı

Lənkəranda cənub regional boks mərkəzinin açılış mərasimi olub.

Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan boks federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər iştirak ediblər.

Qonaqlar mərkəzlə tanış olub, yeniyetmə boksçuların məşqlərini və döyüşlərini izləyiblər. Gənclər və idman naziri Fərid Qayıbovla ABF-in vitse-prezidenti Vüsal Nəsirli müvafiq tövsiyə və tapşırıqlarını veriblər.

Mərkəz ABF tərəfindən müasir tələblərə cavab verən lazımı avadanlıqlarla təchiz olunub. Yeni boks ocağının ümumi sahəsi 2,5 hektardan çoxdur və inzibati bina iki mərtəbədən ibarətdir. Burada birinci mərtəbədə məşq zalı və iki rinq idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqçilərin toplantı otağı, 2 paltardəyişmə otağı, trenajorlar və minifutbol meydançası var.

ABF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyini təmin etmək və maddi-texniki bazasını gücləndirməkdir. Cənub regional boks mərkəzindən başqa, Bakı boks mərkəzi və Sumqayıt şəhər stadionunda boks təlim mərkəzi də fəaliyyət göstərir.

Həmin kateqoriyadan