Daniel Rikkardo: Bakıda avtoidmanın yeni azarkeşləri üçün bütün gözəlliklər mövcuddur

Formula1 üzrə dünya çempionatından dərhal sonra “Red Bull” komandasının sürücüsü Daniel Rikkardo paytaxtımıza səfər edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan mükafat yarışının qalibi yenidən bu şəhərdə olmaqdan böyük məmnunluğu bildirib:

“Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda bu yarış çox əyləncəli idi. Bu qran-pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib.

Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə – bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!”

“Red Bull” pilotu səfər çərçivəsində trek gəzintisi ilə yanaşı Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək. Xatırladaq ki, dördgünlük biletlərə olan ilkin 20 %-lik endirim kampaniyası hazırda davam edir. Yerli sakinlərə üstəlik 25 %-lik əlavə endirim də təklif olunur. 27-29 aprel 2018-ci ildə baş tutacaq növbəti formula1 Azərbaycan qran-prisi üçün biletləri indidən almaq və Bakıya səfəri indidən planlaşdırmaq istəyənlər bu haqda ətraflı məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərlər.

Həmin kateqoriyadan