Formula-1 və GP2 avadanlıqlarından ibarət ilk yük konteynerləri Bakıya çatıb

Komandaların 2016 Formula-1 Avropa qran-prisində istifadə edəcəyi avadanlıqlardan ibarət ilk 40 yük konteyneri Azərbaycanın paytaxtı Bakı şəhərinə gətirilib. Allsport.az saytı xəbər verir ki, yarış avtomobilləri ilə yanaşı qalan digər avadanlıqlar iyunun 14-də Bakıya gəlib çatacaq.

Komandalar hər bir yarış məkanına öz avtomobilləri, avadanlıqları və şəxsi heyətini adətən quru, su və hava yollarının üçündən də istifadə etməklə gətirir. Bütün Formula-1 komandalarının Azərbaycana Kanadadan gələcəyinə baxmayaraq, artıq Mercedes, Ferrari, Force India, Red Bull Racing və digər komandaların lazımi avadanlıqlarının bir hissəsindən ibarət ilk yük konteynerləri Rusiyanın Soçi şəhərindən birbaşa Bakıya su nəqliyyatı ilə göndərilib.

Bu konteynerlər elə dizayn olunub ki, minimal yer tutur və daxilində olan yükləri yüksək titrəmələrə və ya digər xarici təsirlərə qarşı qoruyur. Bu konteynerlərin bir başqa xüsusiyyəti də odur ki, onları 6-8 saat ərzində doldurmaq və boşaltmaq mümkündür.

Eyni zamanda Monako şəhərindən birbaşa Bakıya göndərilən 2016 Formula-1 Avropa qran-prisinə dəstək mahiyyətində keçiriləcək GP2 seriya yarışlarında iştirak edən 12 komandanın avtomobili və bütün lazımi avadanlıqları artıq Paddok ərazisinə gəlib çatıb.

GP2 seriya yarışında mübarizə aparacaq 22 pilot Bakıya iyunun 13-də gələcək və elə həmin gün bu sürücülərin komandaları öz avadanlıqlarını onlar üçün ayrılmış müvafiq qarajlara yerləşdirəcəklər. Ümumilikdə, 44 qaraj tam olaraq hazır vəziyyətə gətirilib. Paddok ərazisində yerləşən tikililərə texniki avadanlıqların quraşdırılması işləri də artıq sonuncu mərhələyə qədəm qoyub.

Həmin kateqoriyadan