Gənclərimiz Alpda dağ xizəyinin sirlərini öyrənəcəklər

Azərbaycanda dağ xizək idman növləri inkişaf edir. Allsport.az xəbər verir ki, idmançılarımızın beynəlxalq arenaya çıxmaq üçün atdıqları hər bir addım böyük hadisəyə çevrilir. Uşaqlarla bağlı olduqda bu məsələ daha da ciddi olur. Belə mühüm hadisələrdən biri dörd yeniyetməmizin skimountenirinq üzrə gənclər düşərgəsinə dəvət almasıdır.

Onlar dekabrın 4-dən 7-dək Avstriyanın Alp dağlarında yerləşən Lients şəhərində keçiriləcək düşərgədə təlim və məşq  keçəcəklər. İdmançılarımız Uşaq və Gənclər üçün Nizami incəsənət mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənc səyyah” dərnəyinin üzvləridirlər. Bu sözü AzərTAc-a müsahibəsində dərnəyin məşqçisi Yevgeniya Nəcəfova deyib.

O bildirib ki, Beynəlxalq Skimountenirinq Federasiyasının üzvü olan Azərbaycan Alpinizm Federasiyası üçün bu belə tipli ilk tədbirdir: “Səkkizinci ildir ki, keçirilən düşərgədə bu il, 11 ölkənin idmançıları iştirak edəcəklər. Azərbaycan burada təmsil olunan yeganə MDB ölkəsidir. Gənc idmançılarımızın səfəri Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Uşaqlarımız 13-15 yaş arasındadır. Buna baxmayaraq, onlar dağ xizək idmanında təzə idmançı deyillər. Son illər biz yetirmələrimiz arasında dağ xizək idmanının təbliği ilə fəal şəkildə məşğul olurduq. İki il uşaqlarımız Gürcüstanın Bakuriani rayonunda yerləşən dağ xizək məktəbində uğurla dərs keçib, bu idman üzrə yarışlarda iştirak ediblər”.

Məşqçi onu da əlavə edib ki, Alp dağlarında düşərgə iştirakçıları təlimatçıların rəhbərliyi altında skimountenirinq əsaslarını öyrənib, dağlara xizəklə qalxıb, düşmək üçün nəzərdə tutulmuş xüsusi təchizatla tanış olub, öyrəndiklərini yerində nümayiş edəcəklər: “Skimountenirinq alpinizm və dağ xizək idmanının bir növ qarışığı adlandırmaq olar. Azərbaycan üçün skimountenirinq tamamilə yeni idman növüdür.

Dövlət qayğısı sayəsində Azərbaycanda qış idman növlərinin inkişafı üçün gözəl mərkəzlər var. Gənclər Azərbaycanın müxtəlif qış idman növləri üzrə gələcək idmançılarıdır. Bütün dünyada dağ xizəyi, snoubord, skimountenirinq və s. ildən-ilə daha çox həvəskar toplayıb, ölkələrində kütləvi bədən tərbiyəsinin uğurlu inkişafının göstəricisidir”.

Həmin kateqoriyadan