“Gazelli Group” şirkətindən Bakı marşal klubuna dəstək

Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” Azərbaycan qran-prisi çərçivəsində Bakı marşal klubunu dəstəkləyəcək. Allsport.az saytı xəbər verir ki, əldə olunan razılığa əsasən, şirkəti 23-25 iyunda marşalları öz məhsulları ilə təmin edəcək.

“Gazelli Group”un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduğunu bildirib: “Şirkətimiz Azərbaycanda baş tutan əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan qran-prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik.”

Bakı Şəhər Halqası əməliyyat şirkətinin idman əməliyyatları şöbəsinin direktoru və bu qurumun tərkibində fəaliyyət göstərən Bakı marşal klubunun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə öz təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçirək yarışa hazırlaşırlar və xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar.

İnsanı hər zaman diqqət mərkəzinə qoymaq Bakı marşal klubu-nun başlıca dəyərlərindəndir və biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələrini istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.

Həmin kateqoriyadan