“Hədəfimiz bu mərhələni keçməkdir”

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin ələməsində İsveçrəyə 53:72 uduzsa da, paytaxtda Kosovoya 87:77 qalib gəlib. Komandamızın aparıcı oyunçusu Amil Həmzəyev hər 2 matç barədə allsport.az saytına bunu deyib:

“Allaha şükürlər olsun ki, basketbol ölkəmizdə yenidən dirəlməyə başlayır. Bu mərhələdə ilk oyunu səfərdə başladıq. Bunun yaratdığı çətinliklər vardı. Əslində, İsveçrəyə qarşı da yaxşı başlamışdıq, amma ardını gətirə bilmədik.

Sözün düzü, ev oyununun tam fərqli olacağına inanırdım. Allaha şükürlər olsun, doğma divarlar arasında özümüzü doğrultduq. Yaxşı oyun göstərdik.

Artıq milli komanda fasiləyə yollandı. Noyabrda növbəti 2 görüşümüz var: İrlandiya ilə səfərdə, İsveçrə ilə evdə. Hədəfimiz bu mərhələni keçməkdir.

Əsas raundda layiqincə çıxış edib inkişaf edək. Allah qoysa, arzu edək ki, Azərbaycan millisi Avropa və dünya çempionatlarının əsas qrupunda mübarizə aparsın”.

Həmin kateqoriyadan