Həvəskarların ən güclüsü müəyyənləşdi

“United Sport” mağazasının təşkilatçılığı və AVİF-in dəstəyi ilə Veloparkda həvəskar qoşaçarxçılar arasında “United Sport Veloturnir”i keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən həvəskarlar dairəvi marşrut üzrə ümumilikdə 26 km məsafə qət ediblər.

Startdan etibarən üstünlüyü ələ alan Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla turnirin qalibi olub və “United Sport” mağazası tərəfindən birinci yer üçün nəzərdə tutulan qiymətli velosipedlə mükafatlandırılıb. 2-3-cü yerləri tutan Vüsal Əliyev və Teymur Niruyevə isə hədiyyə kuponları təqdim edilib. Bundan başqa, mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və xatirə hədiyyələri ilə təltif edilib.

Qeyd edək ki, turnirin qalibi Yunus Vəzirov və 3-cü yeri tutan Teymur Nuriyev həvəskarlardan ibarət “CycleMania”, 2-ci nəticə göstərən Vüsal Əliyev isə “SharkHead” klubunun üzvüdür. Bu cür yarışları dəstəkləyən Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da ölkədə velosiped idmanının inkişafı və populyarlıq qazanması üçün təşkilati məsələlərdə həvəskar klublara hər cür yardım etməyə hazır olduğunu bir daha nümayiş etdirir.

Həmin kateqoriyadan