Heydər Əliyevin 100-illiyinə həndbol üzrə ölkə kubokunun açılışı

10 mayda “AHF arena”da ümummilli lider Heydər Əliyevin 100-illiyinə həndbol üzrə Azərbaycan kubokunun açılışı oldu. Allsport.az saytı xəbər verir ki, Azərbaycan həndbol federasiyasının kollektivi əvvəlcə Fəxri xiyabanı ziyarət edərək müstəqil Azərbaycan dövlətçilik məktəbinin atasının Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Yarışın açılış mərasimində çıxış edən Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan həndbol federasiyasının vitse-prezidenti Orxan Abbasov yubilyarın dövlətçilik tarixində mühüm yer tutduğunu və bütün sahələrdə olduğu kimi idmanda da köklü dəyişiklərin aparılmasında müstəsna xidmətlər göstərdiyini söyləyiblər. Həmçinin vurğulanıb ki, müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyan Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilir.

Dövlət himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib. Ardınca dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Həmin kateqoriyadan