İlham Əliyevdən Formula-1 ilə bağlı sərəncam

Prezident İlham Əliyev “2021 Formula-1 Azərbaycan qran-pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam imzalayıb. Allsport.az xəbər verir ki, sərəncama əsasən, 2021 Formula-1 qran-prisinin təşkili və keçirilməsi ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

– Formula-1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və beynəlxalq avtomobil federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

– Bakı şəhər halqası əməliyyat şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Xarici işlər nazirliyinə 2021 Formula-1 Azərbaycan qran-pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, beynəlxalq avtomobil federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, bu məlumatı nazirliyin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Sənədə əsasən, dövlət miqrasiya xidməti Azərbaycan respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula-1 Azərbaycan qran-pri yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Həmin kateqoriyadan