Karyerasını bitirdi

Karyerasını bitirdi

Böyük Britaniyanın tanınmış cütlük tennisçisi Co Solsberi peşəkar karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, 34 yaşlı tennisçi qərarını ABŞ açıq turnirindəki son çıxışından sonra açıqlayıb.

Solsberi karyerası ərzində 6 “Böyük dəbilqə” tituluna sahib olub. O, Raciv Ramla birlikdə 2020-ci ildə Avstraliya açıq, 2021, 2022 və 2023-cü illərdə isə ABŞ açıq turnirində kişilərin cütlük yarışının qalibi olub. Britaniyalı həmçinin Dezire Kravçiklə 2021-ci ildə “Rolan Qarros” və ABŞ açıqda qarışıq cütlükdə çempionluq yaşayıb.

Solsberi 2022-ci ilin aprelində ATP-nin cütlüklər reytinqində dünya birincisi olub və ümumilikdə 23 həftə zirvədə qalıb. O, karyerasında 17 tur səviyyəli titul qazanıb.

Tennisçinin son turniri də ABŞ açıq olub. Solsberi Ramla birlikdə yarımfinala yüksəlib, lakin Kevin Kravits – Tim Putz cütlüyünə 3:6, 4:6 hesabı ilə uduzub.

Solsberi və Ram 2021-2023-cü illərdə ABŞ Açıqda ardıcıl üç dəfə çempion olan ilk kişi cütlüyü kimi tarixə düşüblər.

Həmin kateqoriyadan