Könül Nurullayeva: Böyük idman tədbirləri zamanı ölkəmizin gücü ilə qürur hissi keçirirəm

Məlum olduğu kimi, 4-6 iyunda paytaxtımızda növbəti Formula-1 üzrə Azərbaycan qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, hazırda dünya avtomobil həvəskarlarının diqqəti ölkəmizə yönəlib. Sabah Formula-2 çempionatı ilə ötüşmələrə start veriləcək. Gənc millət vəkilimiz, MOK-un beynəlxalq əlaqələr idarəsinin keçmiş rəisi, Bakı-2015 Avropa oyunlarının əməliyyat komitəsinin xüsüsi məsləhətçisi və Bakı-2017 İslam həmrəylik oyunlarının təşkilat komitəsinin katibi olmuş Könül Nurullayeva nüfuzlu yarışla bağlı öz fikrini bildirib, ölkəmizdə keçirilmiş böyük tədbirlərin gələcəkdə yay olimpiya oyunlarının təşkili üçün də zəmin yaratdığını söyləyib:

“Paytaxtımız Formula-1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Obrazlı ifadə etsək, Formula-1-in yeni ünvanlarından olan Bakı, indi həm də dünyanın sürət paytaxtıdır. Xüsusi olaraq qurulan Bakı şəhər halqası, təqvimdə yeni əlavələrdəndir. Dünyada bu yarışı təqribən 500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə Formula-1, tamaşaçı sayının çoxluğuna görə futboldan sonra 2-cidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarına ev sahibliyi edir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Özəlliklə, son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır. Qeyd edim ki, vaxtilə milli olimpiya komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri kimi Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərimiz, eyni zamanda Bakıda keçirdiyimiz görüşlər zamanı beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, razılıqlarını ifadə edirdilər.

Yadımdadır ki, hələ illər əvvəl Bakı şəhərinin olimpiya oyunlarına evsahibliyi ilə bağlı müzakirələr aparılanda, Avropa və beynəlxalq olimpiya komitələrinin rəhbərlikləri Azərbaycanın bu hərəkatda çox fəal iştirakını və bu hərəkata verdiyi töhfələri qeyd etmiş, ölkəmizdə idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndirmişdilər.

2011-ci ilin noyabr ayında mənə göstərilən böyük etimad nəticəsində, Bakı-2020 layihəsinin icraçı direktoru təyin olunaraq, dövlətimiz üçün ən böyük və mötəbər idman layihələrindən biri olan Bakı-2020 layihəsi çərçivəsində Azərbaycanın namizədlik prosesinə rəhbərlik etməyə başlamışdım. Həmin ərəfədə Bakıda dünyanın ən yaxşı idman icraçılarından sayılan avstraliyalı Bob Elfinstonla görüş keçirmişdik. Bob Elfinston Bakının gözəlliyi qarşısında heyran qaldığını bildirərək demişdi:

“Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir”. 2012-ci ildə Avropa olimpiya komitəsi tərəfindən tarixdə 1-ci Avropa olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi də Azərbaycanın bu prosesə verdiyi töhfələrin, Bakıda olimpiya oyunlarını təşkil etmək imkanına malik idman infrastrukturunun mövcud olması demək idi. Bu qərar Avropa olimpiya komitəsinin Romada keçirilən 41-ci baş assambleyasında qəbul edilmişdir. Həmin tədbirdə MOK-un beynəlxalq münasibətlər idarəsinin rəhbəri kimi mən də iştirak edirdim.

Heydər Əliyev fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu. mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa oyunlarında olduğu kimi, 4-cü İslam həmrəyliyi oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi.

Həmin etimadı doğrultmaq üçün mən də birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi və mənəvi dəstəyi altında uzun müddət idman sahəsində uğurla xidmət etmiş, Avropa və İslam oyunları kimi bir sıra mötəbər beynəlxalq idman tədbirlərinin layiqincə reallaşmasında əlimdən gələn köməyi əsirgəməmişəm. Bakı-2017 İslam həmrəyliyi oyunlarının təşkilat komitəsinin katibi, İslam həmrəyliyi idman federasiyasının icraiyyə komitəsinin, eləcə də koordinasiya şurasının üzvü, əməliyyat komitəsində MOK-lararası əlaqələr idarəsinin rəhbəri kimi, oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm.

Cənab prezident İlham Əliyevin xüsusi diqqəti, birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq 4-cü İslam həmrəyliyi oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu. Bakı-2015-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi 4- cü İslam oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür.

İdmandan söz açarkən, mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsini yad etməmək mümkün deyil. Onun vaxtsız ölümü bizlərin ürəyində dərin iz və kədər buraxdı. İdman ictimaiyyəti gözəl, safqəlbli və peşəkar bir insanı itirdi. Allahdan Azad müəllimə rəhmət, əzizi və doğmalarına isə bir daha sonsuz səbr arzulayıram! İlk Avropa və İslam oyunlarının ölkəmizdə keçirilməsində onun, eləcə də MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin rolunu xüsusi qeyd etməliyəm.

Bu şəxslər dövlət rəsmiləri olaraq ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərinin ən yüksək səviyyədə təşkilinə öz töhfələrini veriblər. Məhz rəhbərliyin bizə göstərdiyi daimi mənəvi dəstək, aşıladığını ruh yüksəkliyi və qayğı hər birimizi işimizə daha da məsuliyyət və qətiyyətlə yanaşmağa ruhlandırır, dövlətimizi, vətənimizi və millətimizi layiqincə təmsil etmək amalına kökləyirdi. Gənc yaşlarımda mənə göstərilən etimadları doğrultmaq ikiqat məsuliyyət tələb edirdi. Onu da qeyd edim ki, böyük tədbirlərin Azərbaycanda keçirilməsi gələcəkdə yay olimpiya oyunlarının ölkəmizdə təşkili üçün də zəmin yaradır.

Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatçılığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. Birinci Avropa və İslam həmrəyliyi oyunlarından sonra bu narahatçılıq tamamilə aradan qalxdı. Əminəm ki, digər yarışlarda olduğu kimi, növbət Formula-1 qran-prisi də uzun müddət xatırlanacaq və izləyicilırə həyəcanlı və sevincli anlar bəxş edəcək. Çünki bu yarışların təşkilatçısı mötəbər idman turnirlərinin keçirldiyi əsas ünvanlardan olan və dünyada idman dövləti kimi tanınan Azərbaycandır”.

Həmin kateqoriyadan