“Kür”ün baş məşqçisi: “Bu gün qapıçımız da yaxşı oynadı”

Fevralın 17-sində “AHF arena”da qadın həndbolçuların superliqasının 21-ci turunda “Kür” səfərdə son ölkə çempionu “Azəryol”a 33:30 qalib gələrək, yarış cədvəlində 2-ci yerdə möhkəmləndi. Matçdan sonra Mingəçevir klubunun baş məşqçisi Fuad Yangildin sevincini allsport.az saytı ilə bölüşdü:

“Bu oyun bizə çox vacib idi. Artıq son 2 dövrənin görüşləri başlayıb. Bu mərhələdən az itki ilə çıxmaq üçün hər qarşılaşmadan qalib çıxmalıyıq ki, yekunda Azərbaycan çempionu olaq.

Düzdür, 2-ci hissənin son 10 dəqiqəsində rəqib top arasında fərqi 1-ə endirdi. Bu zaman fasilə götürərək, yenidən geridönüş edə bildik. Hesab böyük olanda, qızlar çox arxayınlaşmışdılar. Onları sakitləşdirdim, öz oyunlarını çıxıb oynamalarını istədim.

Bu gün qapıçımız da yaxşı oynadı, xeyli qurtarışlar etdi. Həndbolda qapıçı komandanın yarısı deməkdir. İrina Pançenkonun son 2 matçını çox bəyənirəm”.

Həmin kateqoriyadan