Məşhur musiqiçi Azərbaycan qran prisində F-1 azarkeşləri əyləndirəcək

Məşhur musiqiçi, prodüser, elektronik rəqs musiqisi bəstəkarı DJ Don Diablo, aprelin 28-də Dənizkənarı milli parkda Formula-1 Azərbaycan qran prisinin açılışını edərək, öz yüksək templi canlı şousunu nümayiş etdirəcək. Allsport.az xəbər verir ki, Bakı yarışı əyləncəsevərləri daha bir gözlənilməz konsert proqramı ilə sevindirəcək. Həmyerlisi DJ Hardvell ilə yanaşı, Don Diablonun da çıxış edəcək ulduzların siyahısına əlavə edilməsi F-1 azarkeşlərinə daha bir unudulmaz həftəsonu yaşadacaq.

Bakı şəhər halqası əməliyyat şirkəti dünyada böyük rəğbət görən prodüser Dua Lipa, Castin Biber, Rihanna, Quççi Mane, Mark Robson, Mera Keri, Madonna və digər meqa ulduzlar ilə əməkdaşlıq edib.

Niderlandlı DJ 2015-ci ildə özünün musiqi şirkətini qurub və bununla da gənc istedadların üzə çıxarılmasına öz töhfəsini verib. Digər sahələrdə özünü sınamaqdan çəkinməyən DJ, həmçinin öz dizaynı olan geyim brendinin də sahibidir. Onun digər yaradıcı layihələri arasında eyniadlı yarı avtobioqrafik, elmi-fantastik xarakter daşıyan karikatura seriyası da var.

Onun elektronik musiqi səhnəsinə bəxş etdiyi əvəzolunmaz töhfələri göz önündə olsa da, o, fiziki və rəqəmsal dünya, eləcə də nostalgiya ilə gələcək arasında körpü rolunu oynayan kripto-incəsənət əsərləri yaratmaqla məşhurlaşaraq 2021-ci ilin martında NFT (rəqəmsal sənət nümunələri) sahəsində də özünü sınayıb. O, dünyanın ilk tammetrajlı rəqəmsal konsert filminin buraxılışı ilə hazırda dünyada ən çox musiqisi satılan kriptovalyuta sənətçisi kimi də tanınır.

F-1 təqviminin ən sürətli şəhər yarışlarından olan Azərbaycan mükafat yarışı trekdə və ondan kənarda avtoidman həvəskarlarına bol əyləncə vəd edir. Bakıdakı yarış həftəsonu cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisi olacaq. Sürət həvəskarları üç gün davam edəcək möhtəşəm mübarizə və yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra bulvardakı böyük səhnədə Don Diablo və Hardvellin konsertlərindən zövq alaraq möhtəşəm F-1 təcrübəsi yaşayacaqlar.

Yarışa üçgünlük bilet sahibləri Dənizkənarı milli park ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Həmin azarkeşlər pit yolu gəzintisində də iştirak edəcəklər.

Həmin kateqoriyadan