Məşqçilərsiz qalan “Azəryol”dan “Qarabağ” üzərində əzmkar qələbə

Qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, turun açılış matçında lider “Qarabağ”la mükafatlara iddialı “Azəryol” üz-üzə gəlib. Beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Vaqif Əlievin idarə etdiyi oyunun nümayəndəsi (Avropa Həndbol Federasiyasının deleqatı) İsgəndər Əsgərov olub.

“AHF arena”da qarşılaşma gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Bu oyunda əksəriyyət nominal ev sahibinin qələbəsinə inananırdı. Amma, qonaqların da uğurlu nəticəsinə ümid bəsləyənlərin sayı az deyildi. Hər 2 komandanın ifasındakı əzmkar oyun elə ilk dəqiqələrdən matçın gərgin alınacağından xəbər verirdi.

Bu cür düşünənlər yanılmayıblar. Xala xal prinsipi ilə davam edən qarşılaşmanın fasiləsinə “Azəryol” 1 xal fərqi ilə üstün yollanıb – 15:14. Oyunun ikinci hissəsi daha gərgin anlarla yadda qalıb. Əvvəlcə hakimin qərarlarına sistematik etirazlara görə “Azəryol”un baş məşqçisi Aleksandr Revva qırmızı vərəqə ilə cəzalandırılıb.

Ardınca “yolçəkənlər”in oyunçusu Elnarə İbrahimova komandasını azlıqda qoyub. Bu azmış kimi, komandanın köməkçi məşqçisi Yelena Namaliyevaya da etirazlara görə qırmızı vərəqə göstərilib. Bununla belə ruhdan düşməyən “Azəryol” yüksək əzmkarlıq sayəsində matçı qələbə ilə bitirməyi bacarıb – 27:25.

Xalların sayını 17-yə çatdıran “Azəryol” eyni xala malik “Kür”lə 2-ci, 3-cü yeri bölüşür. Xal itkisinə baxmayaraq “Qarabağ” aktivindəki 20 xalla çempionatın vahid öncülüdür.

Həmin kateqoriyadan