Meraya Keri formula-1-in sonuncu günü Bakıda canlı konsert verəcək

Mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib Meraya Keri Bakıya toplaşacaq avtoidman həvəskarlarına formula-1 Azərbaycan qran-prisinin mükafatlandırmasından sonra dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək. Allsport.az saytı xəbər verir ki, karyerasının zirvəsində olduğu bir dövrdə Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək paytaxtımıza təşrif buyuracaq dünya ulduzu “Hero”, “Fantasy”, “Always Be My Baby”, “We Belong Together” və başqa məşhur musiqiləri səsləndirəcək.

Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Ona ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. “Fantasy”, “Always Be My Baby”, “Hero”, “Touch My Body”, “One Sweet Day” və “We Belong Together” kimi mahnıların sözlərini yazan Meraya Keri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur.

Meraya Kerinin şöhrəti sadəcə musiqi ilə məhdudlaşmır, o həm də kino sahəsində şəxsi bacarıq və qabiliyyətlərini sınayıb. İndiyədək bir sıra filmlərdə, o cümlədən “Precious” (2009) və “The Butler” (2013) kinolarında rol alıb və “A Christmas Melody” (2015) televiziya filmində isə rejissorluq edib.

Konqres mükafatçısı Meraya Keri öz vaxtı və enerjisini xeyriyyə məqsədilə keçirilən bir sıra işlərə də həsr edib. O, “Save the Music”, “Make-A-Wish Foundation”, “World Hunger Relief” və “Elton John AIDS Foundation” kimi müxtəlif fondlar üçün xeyriyyə məqsədilə konsertlər verib. Meraya Keri “Fresh Air” Fondu ilə birlikdə ağır şərait içərisində yaşayan uşaqların gələcək karyeralarının düzgün istiqamətdə qurulmasına dəstək göstərən “Camp Mariah” proqramını təsis edib.

Bu il Bakıda keçiriləcək növbəti formula- 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edəcək. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcək. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü – iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar formula-1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı formula-1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər.

Həmin kateqoriyadan