Millimiz böyük hesabla uduzub

Bakı idman sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun günündə daha 4 qarşılaşma keçirilib.

Günün ilk matçı “A” qrupunda Bosniya və Hersoqovina ilə Litva yığmaları arasında olub. Gərgin mübarizə şəraitində keçən görüş qonaqların (40:37) hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya “B” qrupunda qərarlaşan İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib (33:11).

Bu qrupun İsrail – Farer adaları görüşündə “cırtdanlar”ın qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları rəqibini (38:22) hesabı ilə məğlub edib.

Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə (58:6) hesabı ilə qalib gəlib.

Sabah avropa çempionatda daha 4 qarşılaşma baş tutacaq. “A” qrupunda biizmkilər Bosniya və Hersoqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan – İsrail və İspaniya – Lüksemburq görüşləri keçiriləcək.

Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.

Həmin kateqoriyadan