Odlar ölkəsində sürət zirvədə: Türkiyədə Formula-1 Avropa qran-prisinə bağlı təqdimat

Türkiyənin Mərməris şəhərində Bakının ilk dəfə ev sahibliyi edəcəyi Formula-1 Avropa qran-pri yarışı ilə bağlı təqdimat keçirilib. Allsport.az saytı xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Ankara bürosunun təşkilatçılığı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Türkiyənin nüfuzlu media qurumlarının və idman ictimaiyyətinin nümayəndələrinə mötəbər beynəlxalq yarışa hazırlıq prosesinə dair ətraflı məlumat verilib.

Təqdimat mühüm beynəlxalq avtomobil turniri olan və Türkiyə rallisi, offroud, klassik avtomobil yarışlarını əhatə edən Mərməris Avtomobil Festivalı çərçivəsində təşkil olunub. Festivalda ümumilikdə 150 avtomobil və 300 idmançı iştirak edib. Bu mühüm idman hadisəsi 100-ə yaxın yerli və xarici jurnalistin diqqət mərkəzində olub.

Festival çərçivəsində paytaxtımızın ilk dəfə ev sahibliyi edəcəyi Formula-1 Avropa qran-pri yarışı ilə əlaqədar təqdimatın keçirilməsi yarışlara olan beynəlxalq marağı yüksəltmək məqsədi daşıyıb. Təqdimatla əlaqədar Formula-1 Avropa qran-prisinə dair stendlər quraşdırılıb. Festivalın iştirakçıları, yerli və xarici qonaqlar, idmançılar, jurnalistlər Bakı yarışları ilə bağlı məlumatlara böyük maraq göstəriblər.

Təqdimat zamanı Türkiyənin “TRT”, “Haber Türk”, “ŞouTV” və digər nüfuzlu KİV-lərinin təmsilçiləri, habelə xarici jurnalistlər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri, o cümlədən paytaxtımızda keçiriləcək yarışların ulduz səfiri Tünzalə Ağayeva ilə müsahibələrə geniş yer ayırıblar.

Mərməris Avtomobil Festivalının açılışı ilə münasibətilə təşkil edilən ziyafətdə nümayiş olunan Formula-1 Avropa qran-prisi ilə bağlı videoçarx iştirakçıların böyük marağı ilə qarşılanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin satış departamentinin direktoru Bülənd Özərdim mərasimdə çıxış edərək Azərbaycanda ilk dəfə keçiriləcək mötəbər yarışa hazırlıq ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Yarışın Orta əsrlərin mirası ilə müasir tikililər arasından keçən marşrutu, maraqlı mədəni proqramı, Bakının gözəlliyi haqqında danışan natiq qonaqları qran-prini izləmək üçün ölkəmizə dəvət edib.

Sonra Türkiyə Avtomobil Federasiyasının prezidenti Serkan Yazıcıya tədbirlə bağlı xatirə hədiyyəsi olaraq Azərbaycan xalçası təqdim edilib. Sonra Bakıda keçiriləcək Formula-1 Avropa qran-prisinin ulduz elçisi Tünzalə Ağayevanın ifası salona toplaşanlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Beləliklə, bu təqdimat paytaxtımızın ilk dəfə ev sahibliyi edəcəyi Formula-1 Avropa qran-prisinə beynəlxalq marağın artmasına xidmət etməklə yanaşı, qonaqlarda xoş təəssürat yaradıb.

Həmin kateqoriyadan