“Qarabağ”dan inamlı qələbə!

Qadın həndbolçuların Azərbaycan çempionatının 13-cü turunda diqqətlər “Qarabağ” – “Kür” görüşünə yönəlmişdi. Allsport.az saytı xəbər verir ki, superliqanın öncülü ilə ən yaxın izləyicisinin oyununu beynəlxalq dərəcəli referi Ələkbər Ağakişiyevlə respublika dərəcəli hakim Eldar Əmirov idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.

Maraqlı mübarizə vəd edən qarşılaşmaya daha fəal başlayan ev sahibləri ilk dəqiqələrdən üstünlüyə yiyələnməyə çalışıblar. Qonaqların müdafiədə buraxdığı səhvlər bu istəyin reallaşmasına yardımçı olub. Bunun məntiqi nəticəsi kimi hesabda irəli çıxan “Qarabağ” fasiləyə 6 xallıq üstünlüklə yollanıb – 16:10.

Görüşün ikinci hissəsi də meydança sahiblərinin nəzarətində keçib. Hesabdakı üstünlüyü qorumaq üçün həm müdafiədə, həm də hücumda daha diqqətli çıxış edən “Qarabağ” intizamlı oyun sayəsində favorit statusunu təsdiqləyib. Vəziyyəti dəyişməyə çalışan “Kür”ün cəhdləri isə bəhrəsiz qalıb.

Mingəçevir həndbolçuları çox çalışsalar da, istəklərinə çata bilməyiblər. Qonaqların tələsgənliyi bəzi epizodlarda əks-hücumlara yol açıb ki, bu fürsətlərdən layiqincə faydalanan Sergey Kamburun komandası matçı inamlı qələbə ilə başa vurub – 34:23.

Həmin kateqoriyadan